Universitetdə konfrans: “Azərbaycan gəncliyi və Heydər Əliyev”
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Azərbaycan Kooperasiya Universitetində (AKU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, AKU, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və AKU tələbə gənclər təşkilatının birgə keçirdiyi konfrans Ulu Öndərin və Prezident İlham Əliyevin Azərbaycan gəncləri haqqında fikirləri, onlara tövsiyələri barədə qısa filmin nümayişi ilə başlanıb.
AKU-nun tədris İşləri üzrə prorektoru Fikrət Quliyev bildirdi ki, Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində ulu öndər Heydər Əliyevin apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev ötən əsrin 70-ci illərində hər il iki minədək gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi. Ümummilli Lider Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi.
Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov vurğulayıb ki, ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin həyata keçirilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olub. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd edib ki, ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasəti gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç təsadüfü deyil ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışıb, bu siyasi kursun hələ yüz illərlə Azərbaycanı inkişaf etdirəcəyinə əminliklərini bildiriblər.