UŞAQ MUĞAM İFAÇILARI IV RESPUBLİKA MÜSABİQƏSİNİN YEKUN TURU
Xalqımızın mədəni sərvətlərini qoruyub saxlamaq, inkişaf etdirmək, milli musiqimizə, xalq mahnıları və təsniflərə, muğam sənətinə marağı artırmaq və yeni istedadlıları aşkara çıxarmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2008-ci ilin aprel-may aylarında uşaq muğam ifaçılarının IV respublika müsabiqəsini keçirir.
Bununla əlaqədar aprelin 1-dən başlayaraq respublikanın şəhər və rayonlarında müsabiqənin I turu keçirilmişdir. İlk turun nəticələrinə görə, ölkəmizin 56 şəhər və rayonundan 152 nəfər ifaçı may ayının 14-dən 18-dək Astara rayonunda keçiriləcək yekun turda iştirak etmək üçün vəsiqə qazanmışdır.
Müsabiqənin münsiflər heyətinə görkəmli muğam ustaları - xalq artistləri Canəli Əkbərov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru, əməkdar incəsənət xadimi Ağaverdi Paşayev, əməkdar artist Gülyaz Məmmədova və Mədəniyyət və Turizm Nazirliyi aparatının regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov daxildirlər.
Beş gün davam edəcək müsabiqəyə mayın 18-də yekun vurulacaqdır. Qaliblərin təltifolunma mərasiminin və onların iştirakı ilə konsertin R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsi nəzərdə tutulmuşdur.