ELM VƏ TƏHSİL
Uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə baxış müsabiqəsi keçirilmişdir
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 17-də Heydər Əliyev adına liseydə uşaq və yeniyetmələrin ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş texniki yaradıcılıq işlərinə respublika baxış müsabiqəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov müsabiqə haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Təhsil Nazirliyi 2000-ci ildən başlayaraq hər il uşaq və yeniyetmələrin respublika texniki yaradıcılıq müsabiqəsini keçirir. Müsabiqə rayon, şəhər və respublika mərhələləri olmaqla 8-18 yaşlı məktəblilər arasında 7 zona üzrə keçirilmişdir. Fevral ayından başlayan müsabiqənin rayon, şəhər mərhələsində üç mindən çox məktəbli iştirak etmək hüququ qazanmışdır. Müsabiqənin əsas məqsədi uşaq və yeniyetmələrin texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsidir. Zona yarışlarında 45 rayon və şəhərdən 179 nəfər qalib gələrək final mərhələsinə çıxmışlar. Texniki yaradıcılığın aviamodel, kosmik raket, avtomodel, radiotexnika növləri üzrə respublika mərhələsinə 179 iş təqdim edilmişdir.
Sərgidə nümayiş olunan işlərə münsiflər heyəti tərəfindən baxış keçirildikdən sonra 45 qalib müəyyənləşdirilmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev onları təbrik etmiş, uğurlar arzulamışdır.
Qaliblərə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunmuşdur.