ELM VƏ TƏHSİL
Ustad tərcüməçi Vilayət Hacıyev ADU-nun fəxri fərmanı ilə təltif edilib



Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində ustad tərcüməçi, dosent Vilayət Hacıyevlə görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Kamal Abdulla Vilayət Hacıyevlə bağlı xoş xatirələrini bölüşüb. Rektor V.Hacıyevi 50 illik səmərəli elmi-pedaqoji fəaliyyətinə, peşəkar tərcüməçi kadrların yetişdirilməsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Dillər Universitetinin fəxri fərmanı ilə təltif edib.
Görüşdə Tərcümə fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova tərcüməçinin həyatı və yaradıcılığı haqqında məlumat verib. Tərcümə fakültəsinin Roman dillərinin tərcümə nəzəriyyəsi kafedrasının baş müəllimi Rəna Əliyeva isə onun tərcümə sahəsində göstərdiyi xidmətlər və layiq görüldüyü mükafatlar haqqında danışıb.
Fakültənin müəllimləri ustad tərcüməçi haqqında xoş sözlərini bildirib, onunla bağlı xatirələrini bölüşüblər.
Vilayət Hacıyev görüşün təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib.
Xatırladaq ki, Vilayət Hacıyev ADU-nun Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışıb.