ÜZEYİRŞÜNAS ALİMİN 50 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki mayın 21-də “Azərbaycan Qadınlar Cəmiyyəti” İctimai Birliyi (İB) və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir bəy Hacıbəyov irsinin tədqiqatçısı və təbliğatçısı, üzeyirşünas Səadət Qarabağlının 50 illik yubileyi qeyd olunmuşdur.
İB-nin sədri Nüşabə Məmmədli, xalq şairi Səməd Vurğunun ev-muzeyinin direktoru Aybəniz Vəkilova və başqaları çıxış edərək musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yorulmaz və cəfakeş tədqiqatçılarından olan Səadət Qarabağlının həyat və yaradıcılığından danışmışlar.
Natiqlər bildirmişlər ki, yubilyar milli operamızın banisinin yaradıcılığı ilə bağlı maraqlı əsərlər yazmışdır. Üzeyir Hacıbəyovun publisistikası, felyetonları, müasirləri və ailəsi haqqında mükəmməl yazıların müəllifi olan Səadət Qarabağlı ötən illərdə hazırlanmış “Üzeyir Hacıbəyov ensiklopediyası”nın müəlliflərindəndir. Daim axtarışda olan Səadət Qarabağlı dahi bəstəkarın anadan olmasının 120 illiyinə hədiyyə olaraq vaxtilə onu yaxından tanıyan insanların lent yazılarını toplayaraq müxtəlif disklər (SD) hazırlamışdır.
Vurğulanmışdır ki, S.Qarabağlı Naxçıvan şəhərinin Şərur rayonunda anadan olmuşdur. 1977-ci ildə Şəki Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsini, 1984-cü ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Üzeyir Hacıbəyovun yaradıcılığı ilə maraqlanan Səadət Qarabağlı 1979-cu ildə görkəmli bəstəkarın ev-muzeyində işə başlamış, 1999-cu ildən bu günədək muzeyin direktoru kimi fəaliyyət göstərir.
Yubilyara mədəniyyətimizin inkişafına göstərdiyi xidmətə görə “Tuti Bikə” fəxri diplomu təqdim edilmişdir.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.