SİYASƏT
Vado Şakarişvili: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqaz regionu üçün mühüm hadisə oldu
Tbilisi, 8 noyabr, AZƏRTAC
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqaz regionu üçün mühüm və tarixi bir hadisə oldu. Bu qələbə gürcü xalqı üçün də vacib və sevindirici hadisə idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü ekspert, “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vado Şakarişvili söyləyib.
Onun sözlərinə görə, bu gün ətrafda gündəm dəyişir və biz sülh və əmin-amanlığın növbəti mərhələsinə keçmək üçün uzunmüddətli sülhü Cənubi Qafqazda təmin etməliyik.
Politoloq deyib: “Cənubi Qafqazın öz layiqli yerini tutması üçün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi vacib idi və bu baş verdi. Azərbaycan Prezidentinin daxili və xarici siyasəti xalqın milli maraqlarına xidmət edir. Bu uğur yalnız Azərbaycan üçün deyil, Cənubi Qafqaz üzrə mühüm bir irəliləyiş idi”.
Şakarişvili bildirib ki ki, Gürcüstan hakimiyyətinin siyasəti ərazi bütövlüyünü yalnız sülhlə bərpa etməyə yönəldilib. Biz də istəyirik ki, Cənubi Qafqazda stabil vəziyyətdə yaşayaq. Ölkələrimizə və regionumuza yalnız uğur və irəliləyiş gətirmək üçün mühüm layihələri bərabər həyata keçirməliyik.
“Bu gün Azərbaycan xalqı yaxın tarixində çox mühüm hadisəsini - Zəfər Gününü qeyd edir. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi yalnız Azərbaycan üçün deyil, bütün region üçün çox əhəmiyyətli idi. Gürcüstan bu gün də, gələcəkdə də böyük və davamlı sülh müqaviləsinin imzalanması kimi mühüm addıma öz töhfəsini verməyə həmişə hazırdır”, – deyə V.Şakarişvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi