Vaşinqtonda və Los-Ancelesdə ermənilər 1915-ci il hadisələri ilə bağlı nümayiş keçiriblər VİDEO




Vaşinqton, 25 aprel, AZƏRTAC
Qondarma “erməni soyqırımı”nın 103-cü ildönümü ilə əlaqədar ermənilər aprelin 24-də Vaşinqtonda və Los-Ancelesdə nümayiş keçiriblər. 1915-ci il hadisələri barədə ABŞ Prezidentindən “soyqırımı” sözü eşitməyə və ABŞ Konqresində qətnamənin qəbuluna bu il də nail ola bilməyən erməni lobbisi növbəti kütləvi şounu Türkiyə səfirinin Vaşinqtondakı iqamətgahı və Los-Ancelesdəki konsulluğu qarşısında təşkil edib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahı qarşısında Vaşinqtonun erməni icmasının, erməni lobbiçiliyinin onlarca üzvü və Ermənistan səfirliyinin əməkdaşları toplanmışdı. Türkiyənin Los-Ancelesdəki konsulluğunun qarşısında isə Kaliforniyanın erməni icmasının nümayəndələri yığılmışdı. Məlumdur ki, Kaliforniyada 800 minə yaxın erməni yaşayır, onların əksəriyyəti Los-Ancelesdədir.
Hər iki şəhərdə nümayiş keçirilən küçədən bir tin aralıda isə türk icmasının nümayəndələri düzülərək, yalançı erməni təbliğatını ifşa etmək və erməni silahlı dəstələrinin Birinci Dünya müharibəsi zamanı dinc türk əhalisinə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş cinayətlər barədə Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə özlərinin cavab aksiyasını keçiriblər. Türkiyə səfirinin iqamətgahının fasadında Türkiyə Respublikasının böyük bayrağının asılması erməni millətçilərini qəzəbləndirirdi. Nümayişin keçirildiyi yerdə iqamətgahın qorunması və təhlükəsizliyi, həmçinin iki nümayişçi qrup arasında baş verə biləcək toqquşmanın aradan qaldırılması məqsədi ilə bir neçə polis olub. Cavab aksiyası Türk-Amerika milli rəhbər komitəsi tərəfindən təşkil edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton