CƏMİYYƏT
Vaxtında aparılan məlumatlandırma nəticəsində ilin ötən dövründə 60-a yaxın erkən nikahın qarşısı alınıb
Bakı, 28 noyabr, AZƏRTAC
Fundamental insan hüquqlarını məhdudlaşdıran, cinsi mənsubiyyətə görə ayrı-seçkilik kimi təhlükəli təzahürü özündə ehtiva edən məişət zorakılığı, xüsusən də qadınlara qarşı zorakılıq halları dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da cəmiyyətdə narahatlıq doğuran aktual problemlərdəndir. Zorakı əməllərdən, o cümlədən məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların ifadə vermək, etiraz etmək, vəsatət qaldırmaq, cinayət işinin materialları ilə tanış olmaq, cinayət prosesində qanuni mənafelərinin təmsil edən nümayəndəyə malik olmaq və digər prosessual hüquqlarının müdafiəsi istiqamətində də iş aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis kapitanı Zeyni Hüseynov "Yaşıl dünya naminə həmrəy olaq - Qadın zorakılığına yox deyək!" mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, zərif cinsin nümayəndələrinin öz hüquqlarını bilməsi və zorakı əməllərlə effektiv mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır: “Daxili İşlər Nazirliyi tərəfindən ilin ötən dövründə 2 mindən çox belə tədbir keçirilib. Vaxtında aparılan məlumatlandırma nəticəsində 60-a yaxın erkən nikahın qarşısı alınıb”.
Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru İmran Əliyev isə ilin ötən dövr ərzində respublika ərazisində 3 min 787 ailənin münaqişəli kimi qeydiyyata götürüldüyünü diqqətə çatdıraraq, belə müraciətlərin araşdırılmasından danışıb: "Ailə münaqişəsi, o cümlədən məişət zorakılığı ilə bağlı nazirliyə və ərazi orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır, münaqişəli ailələr qeydiyyata götürülərək, aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlər həyata keçirilir. Məişət zorakılığı zəminində baş verən hər bir cinayət faktı üzrə xidməti təhqiqat aparılaraq əməkdaşın bu növ cinayətlərin qarşısının alınması ilə bağlı gördüyü işlərə hüquqi qiymət verilir. Eyni zamanda, həmin cinayətlərin qarşısının alınması, açılması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlər davam etdirilir. Qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materiallar mütəmadi təhlil olunur, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması, aidiyyəti orqan və təşkilatlara vəsatətlər verilməsi təmin edilir".