CƏMİYYƏT
Vaxtından əvvəl dünyaya gələn körpə 70 günlük müalicədən sonra sağlam şəkildə ailəsinə qovuşub

Bakı, 21 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 27-ci həftəsində 1100 qram çəkidə dünyaya gələn körpə 70 günlük müalicədən sonra sağlam şəkildə ailəsinə qovuşub.
AZƏRTAC institutun mətbuat xidmətində istinadla bildirir ki, vaxtından əvvəl doğuş təhlükəsi ilə hamiləliyin 27-ci həftəsində institutun Hamiləliyin patologiyası şöbəsinə müraciət edən qadın bir neçə gün şöbədə stasionar nəzarətdə saxlanıldıqdan sonra vəziyyəti ilə əlaqədar təcili şəkildə qeysəriyyə kəsiyi ilə övladını dünyaya gətirib. Cinsi qadın, çəkisi 1100 qram, boyu 37 santimetr olan körpə vəziyyəti ilə əlaqədar dərhal Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb. Yenidoğulmuşa stasionar müalicə planı təyin olunub. Üç dəfə ACV aparatına qoşulub, daha sonra CPAP dəstəyində olub, tənəffüs problemi, başında III dərəcəli parenximatoz qansızma, mədəciklərin dilatasiyası diaqnozları ilə müalicə olunub. Eyni zamanda, yenidoğulmuşa ROP müayinə və müalicəsi icra olunub. Dinamik olaraq nəzarətdə saxlanılan körpə icra olunan 70 günlük uğurlu müalicədən sonra sağlam şəkildə ailəsinə təhvil verilib.