ELM VƏ TƏHSİL
Vazeh Əskərov: 2024/2025-ci tədris ili Dövlət Neft və Sənaye Universiteti üçün, eyni zamanda, 105-ci qəbul ilidir
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024/2025-ci tədris ilinin başlanması və Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor əvəzi dosent Vazeh Əskərov 2024/2025-ci tədris ilinin həm də ADNSU-ya 105-ci qəbul ili olduğunu deyib. O, bu il universitetə 5500-dən artıq tələbə qəbul olunduğunu bildirib. Qəbul göstəricilərinə əsasən, bu il kəmiyyətlə yanaşı, keyfiyyətin də yüksəldiyini deyən dosent Vazeh Əskərov əvvəlki illərlə müqayisədə qəbulda orta bal göstəricisinin yüksəldiyini söyləyib. O, ADNSU tələbəsi adını qazanmış gənclərin yüksək səviyyəli tədris mühiti ilə təmin olunması və yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasının qarşıda duran ən mühüm məsələ olduğunu qeyd edib.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış ediblər. Çıxışlarda ölkə iqtisadiyyatının neft-qaz və digər istehsalat sahələri üçün mühəndis kadrların hazırlığında ADNSU-nun mühüm rolu qeyd olunub. Eyni zamanda, gənclərin üzərinə Azərbaycanın inkişafına töhfə verməyə çalışmaq kimi mühüm bir vəzifə düşdüyü vurğulanıb.
Sonra fakültələr üzrə ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olunmuş I kurs tələbələri və magistrantlar mükafatlandırılıb. Universitet üzrə ən yüksək bal toplamış üç tələbəyə ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov xüsusi hədiyyələr təqdim edib.
Tədbir ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının çıxışı ilə davam edib.