CƏMİYYƏT
Vəkillər Kollegiyasının AŞPA ilə sıx əməkdaşlığı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynayır


Bakı, 7 iyun, AZƏRTAC
İyunun 6-da ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreyngerin və Liz Kristofersen Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında olublar.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollegiyanın sədri Anar Bağırov Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyəti, qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Sədr son illərdə məhkəmə hüquq sahəsində, vəkillikdə aparılan mütərəqqi islahatlar, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətində vəkillərin rolu və mövcud durum barədə məlumat verib.
Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov vəkillik sahəsində aparılan uğurlu islahatlar, Kollegiya tərəfindən görülən çoxşaxəli işləri özündə əks etdirən geniş təqdimatla çıxış edib.
Yan Lidel-Qreyngerin və Liz Kristofersen Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində böyük rol oynadığını diqqətə çatdırıblar.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə, həmçinin AŞPA-nın Monitorinq komitəsinin katibi Aynyaşka Szklanna, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və digərləri iştirak ediblər.