Vəli Qasımov: “Neftçi” və “Sabah”ın kubokda şansları azdır, çünki həmin yarışda “Qarabağ” da var

Bakı, 17 mart, AZƏRTAC
“Hazırda “Zirə”, “Araz-Naxçıvan” və “Turan Tovuz” avrokuboklara vəsiqə qazanmağa əsas namizədlərdir. Həmin komandaların mövqelərini itirmələri çətin görünür”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Vəli Qasımov Misli Premyer Liqasının XXVII turunun oyunları, avrokuboklara vəsiqə və elitada qalmaq uğrunda mübarizə aparan komandalar barədə danışarkən deyib.
O bildirib ki, “Kəpəz”lə oyundakı (0:0) xal itkisinin Ağdam təmsilçisinin hədəflərinə heç bir təsiri olmayacaq: “Çünki Qurban Qurbanovun əlində iki heyət var. Onun üçün müxtəlif cəbhələrdə mübarizə aparmaq asan olur. “Kəpəz”ə gəlincə, mövsümün əvvəlindəki komanda ilə indiki arasında böyük fərq var. Gəncə təmsilçisinin xal qazandığı oyunlara baxsaq, yaxşı performans göstərdiyini görərik. Azər Bağırov əzmkar kollektiv qurub. Düşünürəm ki, böyük sürpriz olmayacağı təqdirdə, Premyer Liqada qalacaqlar. Sonuncu yerdə olan “Səbail”lə 5 xal fərq var. Çətin ki, bu şansı əldən versinlər. “Dənizçilər”in durumu ürəkaçan deyil. Müdafiə və hücumda böyük problemlər nəzərə çarpır”.
Azərbaycan millisinin sabiq hücumçusu bu mövsüm qeyri-stabil çıxış edən “Sabah”ın fərdi olaraq yaxşı futbolçulardan qurulduğunu söyləyib: “Komandada çox keyfiyyətli futbolçular var. Lakin kollektiv şəklində yaxşı performans göstərə bilmirlər. Yəqin ki, müyyən problemlər var. Vasili Beruzutskinin futbol savadı güclüdür. Ona vaxt lazımdır”
V.Qasımov “Araz-Naxçıvan”ın bu mövsüm gözləntilərdən daha artığını etdiyini deyib: “Elmar Baxşıyevin işinə alqış düşür. Komanda güclü rəqiblərlə oyunlarda xal və ya xallar qazandı. Onlar bu yerə layiq olduqlarını göstərdilər”.
56 yaşlı mütəxəssis “Sumqayıt”ın “Turan Tovuz”la oyunda (1:2) layiqli qələbə qazandığını bildirib: “Vaqif Cavadovun komandası 11 oyun qalib gələ bilmirdi. Nəhayət, “Kəpəz”lə görüşdə bu uğursuz seriyaya son qoyuldu. Ötən gün isə avrokuboklar üçün mübarizə aparan Tovuz klubunu məğlub etdilər. Kollektiv olaraq çox yaxşı oyun nümayiş etdirdilər. Qonaqların haqqını yemək olmaz. Mənə görə, “Turan Tovuz” Konfrans Liqasına vəsiqə qazanmağa layiqdir. Hazırda “Neftçi” və “Sabah” ölkə kubokunu qazanaraq Avropaya yollanmaq istəyir. Amma şansları azdır. Çünki həmin yarışda “Qarabağ” da var. Ağdam klubu ilə mübarizə aparmaq asan deyil”.
Qeyd edək ki, hazırda ölkə çempionatında turnir cədvəlinə 62 xalla “Qarabağ” başçılıq edir. “Zirə” 52 xalla ikinci, 47 xallı “Araz-Naxçıvan” isə üçüncü sırada qərarlaşıb.