RƏSMİ SƏNƏDLƏR
Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarının müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 65 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Vergi orqanlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan vəzifəli şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan vəzifəli şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat) miqdarında vəzifə maaşlarına əlavələr müəyyən edilsin.
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilsin.
3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 6 sentyabr 2024-cü il
№ 402