ORDU
Vətən müharibəsi qazisi: Ermənistan aldığı son sarsıdıcı zərbədən hələ uzun müddət özünə gələ bilməyəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 12-14-də Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını almaq üçün böyük qətiyyət və əzmkarlıq nümayiş etdirərək işğalçı ölkəyə sarsıdıcı zərbə vurdu. Ermənistan aldığı son sarsıdıcı zərbədən hələ uzun müddət özünə gələ bilməyəcək. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlayan gərginlik məhz Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək üçün edilən cəhdin nəticəsi idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi qazisi Vahab Nəhmətov bildirib. O qeyd edib ki, beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparan, sülh danışıqlarına, kommunikasiyaların açılmasına, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüslərə mane olan Ermənistanda revanşist ab-hava yaradılır: “İşğalçı ölkə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qafqazın ən güclü ordularından olan Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə əldə etdiyi tarixi Qələbədən dərs çıxarmalıdır. Vətən sa¬vaşında Azərbaycanın parlaq Qələbə əldə etməsi və bununla da tam məğlubiyyətə uğrayan Ermənistanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atması ilə mövcud münaqişə ara¬dan qaldırılıb. Həmin vaxt imzalanan üçtərəfli Bəyanatın müddəalarının, o cümlədən kommunikasiyaların açılmasının həyatda öz təsdiqini tapacağına inanılsa da, təəssüf ki, Bəyanatın icrası ilə bağlı Ermənistan heç bir əməli addım atmayıb, bu istiqamətdə heç bir iş görməyib və bu, qəbuledilməz bir hal kimi ciddi narahatlıq doğurur.
Azərbaycan ən müxtəlif səviyyələrdə dəfələrlə Ermənistanın revanşist siyasətini ifşa edərək həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və bu cəhdlərin Ermənistan hakimiyyətini onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib”.
O bildirib ki, sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb.
Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı və düşmən ölkənin növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq.