CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Bilal Qənbərovun xatirəsi anılıb












Bakı, 22 sentyabr, AZƏRTAС
Sentyabrın 22-də Vətən müharibəsinin şəhidi əsgər Bilal Xanlar oğlu Qənbərovun anadan olmasının 30 illik yubileyinə həsr olunmuş “Şərəfli ömrün sonu!” adlı anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyindən məlumat verilib.
Anım tədbirində şəhidin ailə üzvləri və yaxın qohumları - atası Xanlar Qənbərov, anası Gültəkin xanım, bacısı Aidə, Şəfiqə və Tamilə, bibisi Gülsənəm xanım Hacıyeva, döyüş yoldaşları Vətən müharibəsi qaziləri - xüsusi təyinatlı Fərid Həsənov, Rəşad Əmənov, Soltanbəy Daşdıyev, həmçinin Müdafiə Nazirliyinin İdarə və müəssisələrinin nümayəndələri, orta təhsil müəssisələrinin tələbə və müəllim heyəti iştirak ediblər.
Tədbirdə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin məruzəsi, ailə üzvlərinin, döyüş yoldaşlarının və iştirak edən qonaqların çıxışları dinlənilib, Bilal Qənbərova həsr olunmuş “Vətən haqqı” adlı sənədli film nümayiş olunub.
Bədii hissədə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının rus bölməsinin Bilal Qənbərov adına 2B və 6B sinfinin şagirdlərinin iştirakı ilə şeir kompozisiyası təqdim olunub.
Həmçinin Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu, İdeoloji iş və Mədəniyyət mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndirilib.