CƏMİYYƏT
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis və ispan dillərində nəşrləri Gürcüstan oxucularına təqdim olunub
Tbilisi, 25 noyabr, AZƏRTAC
Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis və ispan dillərində nəşrləri Gürcüstan oxucularına təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin müəllim və tələbələri, icma mərkəzlərinin rəhbərləri, həmçinin gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin sədri Leyla Əmrahova çıxış edərək Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm Zəfərə kitablar, salnamələr həsr olunduğunu, bu baxımdan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının öz aktuallığı ilə seçildiyini deyib. Bildirib ki, 44 günlük Zəfər savaşında insan faktorunun vacibliyini, əhəmiyyətini hər kəs gördü. Prezident İlham Əliyev hər bir əsgərə, hər bir zabitə öz şəxsi timsalında nümunə olub və bu kitabda məhz şəxsiyyət faktorunun, şəxsiyyətin rolu ilə bağlı vacib məsələlər diqqətə çatdırılır. Kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əksini tapıb. Kitabın Qarabağda baş verən hadisələrlə bağlı hissəsinin oxucu və ekspertlərin böyük marağına səbəb olduğunu nəzərə alaraq nəşrin ingilis dilində gürcü ictimaiyyətinə və Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndəliklərinə də çatdirilması məqsədəuyğun hesab olunub. Qeyd edilib ki, kitabda, həmçinin Heydər Əliyev Fondunun işğaldan azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb. Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Vətən müharibəsindəki şanlı Qələbəmizin memarı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyəti geniş və ətraflı işıqlandırılıb.
Qeyd edilib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırkı dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı 10 dilə tərcümə olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi