ELM VƏ TƏHSİL
Vətən müharibəsində qazanılan Qələbə tarixi ədaləti bərpa etdi
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbəyə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi rəhbər deyirdi: “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”.
Ümummilli Liderin dahiyanə fikirlərini, məqsəd və hədəflərini Prezident İlham Əliyev xalqımıza arxalanaraq səbirlə, təmkinlə bir-bir reallaşdırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov söyləyib.
“Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin 17-ci ilində Şuşada, 20-ci ilində isə qədim yurd yerimiz Xankəndidə Azərbaycan Bayrağını dalğalandırdı. Bütün bunlar Ulu Öndərin 2003-cü ildə söylədiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərinin hansı hədəflərə hesablandığını bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti Şuşa azad edildikdən sonra Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını ziyarət etdi. Dövlətimizin başçısının xalqa müraciətində söylədiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” kəlamları 2003-cü ildə bəslənilən böyük etimadın ən ali səviyyədə gerçəkləşməsi, tamamlanması idi. Çünki məruzəni edən Müzəffər Ali Baş Komandan idi.
Prezident İlham Əliyevin söylədiyi “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır” fikirlər əcdadlarımızdan, Nizami Gəncəvidən gələn milli-mənəvi keyfiyyətlərin ən böyük təzahür forması və bəyannaməsidir.
Müzəffər Ali Baş Komandanın ədalətə inanaraq və inandığı qədər də çalışaraq 20 ildə nail olduğu, xalqımızın, dövlətimizin müqəddəratı naminə əldə etdiyi uğurlarının zirvəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilmiş Qarabağ Zəfəri və 2023-cü ilin sentyabrında bir gündən az davam antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün təmin edilməsidir. Əlbəttə ki, bütün bu illər ərzində milli-mənəvi dəyərlərimiz, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz qorundu və inkişaf etdirildi”, - deyə Əlimuxtar Muxtarov fikrini yekunlaşdırıb.