VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Çevik Polis Alayı və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mərifət Mayılovdan 0,231 qram, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları isə Culfa rayon sakini Əsgər Əliyevdən 0,251 qram heroin götürmüşlər.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cümşüd Hüseynovdan 0,835 qram, Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Əsgər Ellazovdan 0,247 qram, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Yusifovdan 1,809 qram heroin götürmüşlər.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Məmmədov 0,453 qram heroini satarkən Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuş, ondan əlavə olaraq 0,227 qram heroin müsadirə edilmişdir. R.Məmmədovun yaşadığı evi Qəbələ rayon sakini Azər Şəfiyevə və Xanlar rayon sakini Alik İsmayılova narkotik vasitə qəbul etmək üçün verməsi və bunun müqabilində pul alması müəyyən edilmişdir.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları isə narkotik vasitə satarkən tutulmuş R.Rzayevin evinə baxış zamanı 312,36 qram marixuana və 0,228 qram heroin götürmüşlər. R.Rzayevə narkotik vasitəni satmış Bakı şəhər sakini Abuzər İbrahimov tutulmuş, ondan 6,07 qram marixuana aşkar edilərək götürülmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.