Vətəni qorumaq müqəddəs və məsuliyyətli vəzifədir

Şamaxı, 20 oktyabr, AZƏRTAC
Gənclər dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, Vətənimizin cəsur keşikçiləri, düşmən sipəridir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti bu gün Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf edən, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında əsas amildir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Şamaxıda rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən "Vətənin müdafiəsinə hazıram” adlı tədbirdə səsləndirilib.
Əvvəlcə tədbir iştirakçıları şəhərin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Rayon mədəniyyət mərkəzində təşkil olunan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Şamaxı rayon idarəsinin əməkdaşları, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və hərbi xidmətə çağırışyaşlı gənclər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Yusif Mirzəyev çıxış edərək ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən islahatlardan bəhs ediblər. Vətəni qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayan natiqlər düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində ayıq-sayıq dayandığını, işğal altındakı ərazilərimizi hər an azad etməyə hazır olduğunu bildiriblər.
Sonra Azərbaycan və Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli çıxışlarında gənclərin Vətənimizin müdafiəsində ayıq-sayıq dayandıqlarını, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiklərini, mədəniyyət, idman, elm sahələrində parlaq nailiyyətlər qazandıqlarını söyləyiblər. Qeyd ediblər ki, gənclərimiz dövlətçilik ənənələrini daim uca tutaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Azərbaycanın daha dinamik inkişafı istiqamətində bütün qüvvələrini sərf edirlər.
Tədbirdə şəhid atası Ziyatin Kaçayevə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatı təqdim olunub. Habelə, müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanan şagirdlərə fəxri fərman və mükafatlar verilib.
Sonda vətənpərvərlik mövzusunda mahnıların ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.