VIII BAKI KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə ənənəvi VIII Bakı Kitab Bayramı keçirilmişdir.
Qurumun sədri, kulturoloq Aydın Xan (Əbilov), xalq şairi Sabir Rüstəmxanlı, Milli Kitabxananın direktoru Kərim Tahirov, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş, “Azərbaycan interneşl” jurnalının baş redaktoru Betti Bleyer və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin 90 və görkəmli yazıçımız Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileylərinə həsr olunmuş kitab bayramı münasibətilə iştirakçıları təbrik etmiş, naşirlərlə müəlliflər, yazıçılarla oxucular arasında birbaşa əlaqələrin yaradılmasında, fikir mübadiləsi aparılmasında tədbirin xüsusi əhəmiyyətini vurğulamışlar. Həm də bildirilmişdir ki, bayram çərçivəsində keçirilən müsabiqələr kitab nəşrinin keyfiyyətinə, müəlliflərin məsuliyyətinin artırılmasında da mühüm rol oynayır.
Tədbirdə vurğulanmışdır ki, VIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Mükafat Komissiyası müsabiqəyə təqdim olunmuş 300-dən artıq ədəbi-mədəni və kitab-nəşr layihələri arasından 33 nominasiya üzrə qalibləri müəyyən etmişdir.
AZƏRTAC-ın əməkdaşı Zərəngiz Dəmirçi Qayalı “2007-ci ilin qadın şairi”, Flora Xəlilzadə “2007-ci ilin publisistik-sənədli kitabı”, yazıçı-tərcüməçi Kamran Nəzirli “2007-ci ilin bədii nəsr kitabı”, yazıçı-publisist Aqil Abbas “2007-ci ilin bədii romanı” nominasiyaları üzrə qalib hesab edilmişlər.
Tədbirdə müxtəlif nəşriyyatlar çap nümunələrini təqdim etmiş, yeni kitabların sərgisi açılmış, müəlliflərlə naşirlərin, yazıçılarla oxucuların dialoqu təşkil olunmuşdur.
######
![]() |
![]() |

