“Vikipediya”da Milli Qəhrəman Baxşeyiş Paşayev haqqında ingilis dilində məqalə yerləşdirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayev haqqında ingilis dilində məqalə yerləşdirilib. Məqalədə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir. Bildirilir ki, həyatını cəbhə ilə bağlayan Baxşeyiş Paşayev döyüşçülərə silah sursat çatdırıb, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər edib. O, “Qarabağ müdafiə şahinləri” dəstəsinin ən fəal üzvlərindən biri olub. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənib. “Ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan ermənilərin xeyli canlı qüvvəsini məhv edib, dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata gedib. Qəhrəman döyüşçü Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edib. 1992-ci il iyulun 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçirlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirir, amma qəfil atılan düşmən gülləsi Vətnimizin bu cəsur övladının həyatına son qoyur. O, döyüş meydanında qəhrəmancasına həlak olur. Baxşeyiş Paşayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Məqalə ilə daha ətraflı linkində tanış olmaq mümkündür.