Vilnüsdə keçirilmiş beynəlxalq konfransda keçmiş Sovet İttifaqı ərazilərində dondurulmuş münaqişələr diqqət mərkəzində olmuşdur
Vilnüs, 14 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 11-12 Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi layihə çərçivəsində Litvanın Demokratik Siyasi İnstitutu tərəfindən “Keçmiş Sovet İttifaqı ərazilərində dondurulmuş münaqişələr: siyasi nəticələri və həlli perspektivləri” adlı beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litvanın ilk Prezidenti, Avropa Parlamentinin deputatı Vitautas Landsbergis, Litva Seyminin sədr müavini, keçmiş Baş nazir Qedeminas Kirkilas, Vətən Birliyi Partiyasının sədri, Seymin üzvü, sabiq Baş nazir Andrius Kubilius, ABŞ-ın Ceymstaun Fondunun Şərqi Avropa məsələləri üzrə siyasi analitiki Vladimir Sokor, Avropa Sabitlik Təşəbbüsü qeyri-hökumət təşkilatının baş analitiki Nigar Göksel, Litva Xarici İşlər Nazirliyinin əməkdaşları, Avropa Parlamentinin üzvləri, deputatlar, diplomatik korpusun, QHT-lərin, elmi təsisatların nümayəndələri, jurnalistlər, münaqişələrin həlli üzrə tanınmış beynəlxalq ekspertlər iştirak etmişlər.
Konfransda çıxış edən Litva Seyminin sədr müavini Qedeminas Kirkilas, Vətən Birliyi Partiyasının sədri Andrius Kubilius keçmiş SSRİ məkanında dondurulmuş münaqişələrin yaranmasının səbəbləri haqqında danışmışlar.
Azay Quliyev çıxışında “dondurulmuş münaqişə” anlayışının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə şamil edilməsinin doğru olmadığını, təmas xəttində atəşkəsin pozulduğunu, günahsız insanların həlak olduğunu bildirmişdir. Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu vurğulayan Şura sədri münaqişənin beynəlxalq hüququn prinsiplərinə əsaslanan həlli variantları ilə əlaqədar təkliflərini və problemlə bağlı ölkəmizin vətəndaş cəmiyyətinin mövqeyini səsləndirmişdir.
Konfransda İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü, İsrail teleradiosunun siyasi şərhçisi Arye Qut Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdimatla çıxış etmişdir. Həmçinin Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elm İnstitutunun müəllimi, politoloq Vitis Yurkonisin, Gürcüstan Strateji Araşdırmalar İnstitutu prezidentinin müavini İrakli Porçkidzenin və başqalarının məruzələri dinlənilmişdir.
Konfransın ikinci günü Avropa Sabitlik Təşəbbüsü qeyri-hökumət təşkilatının baş analitiki Nigar Göksel “Münaqişələrin həllində üçüncü ölkələrin rolu”, Böyük Britaniyanın “Economist” qəzetinin müxbiri Edvard Lukas “Dondurulmuş münaqişələrdə enerji diplomatiyası”, Ceymstaun Fondunun Şərqi Avropa məsələləri üzrə siyasi analitiki Vladimir Sokor isə “Dondurulmuş münaqişələrin həlli imkanları və perspektivləri” mövzusunda çıxışlar etmişlər.
Tədbirə yekun vuran Litvanın ilk Prezidenti, Avropa Parlamentinin deputatı Vitautas Landsbergis keçmiş Sovet İttifaqı ərazilərində dondurulmuş münaqişələrin yaranmasına dair fikirlərini bildirərək demişdir: “Bir çoxları elə düşünürlər ki, işğal artıq dayanıb, ancaq bu, belə deyil, işğal hələ də davam edir”.
Sonda tədbir iştirakçıları münaqişələrin həlli yolları ilə bağlı fikir mübadiləsi aparmışlar.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Vilnüs