İQTİSADİYYAT
Vinçenzo Aquaro: Rəqəmsal xidmətlər səhiyyə, təhsil, əmək, iqtisadi artım və ətraf mühitin davamlılığı kimi sahələrdə irəliləyişi asanlaşdırır
Bakı, 4 sentyabr, AZƏRTAC
“Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentində rəqəmsal hökumət bölməsinin rəhbəri kimi COP29-un hazırlıqları ilə əlaqədar qlobal və regional rəqəmsal hökumət tendensiyaları ilə bağlı fikirləri bölüşmək və rəqəmsal transformasiyanın inkişafı üçün xüsusi tövsiyə ilə çıxışımda dörd vacib məsələyə toxunmaq istərdim. Birincisi, rəqəmsal hökumətlər ictimai xidmətlərin göstərilməsini təkmilləşdirmək, səmərəliliyi, hesabatlılığı, şəffaflığı artırmaq və sistem tutarlığını gücləndirməklə transformasiyada mühüm rol oynayır. Bu baxımdan, qlobal və regional səviyyədə bir neçə əsas beynəlxalq siyasət və tənzimləyici çərçivə rəqəmsal hökumət sahəsində səylərimizi istiqamətləndirir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Rəqəmsal Hökumət üzrə rəhbəri Vinçenzo Aquaro Bakıda “Kağızsız Hökumət: Rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
“Rəqəmsal alətlər və xidmətlər səhiyyə, təhsil, əmək, iqtisadi artım və ətraf mühitin davamlılığı kimi sahələrdə irəliləyişi asanlaşdırır və bununla da 2030-cu il gündəliyi üzrə hərtərəfli irəliləyişə töhfə verir. İkinci vacib məsələ rəqəmsal əməkdaşlıq üçün ümumi yol xəritəsidir. Bu yol xəritəsi rəqəmsal çağırışların və imkanların həlli üçün qlobal əməkdaşlığa ehtiyacı vurğulayır. O, universal əlaqə, rəqəmsal ictimai məhsullar, rəqəmsal inklüzivlik və rəqəmsal dövrdə insan hüquqlarının qorunmasını tələb edir. Üçüncü vacib məsələ, gələcək təşəbbüslərin zirvəsidir, digər təşəbbüs bununla bağlıdır. Birləşmiş Millətlər Təşkilatının “Gələcəyin Sammiti” tədbiri bu il sentyabrın 22-23-də Nyu-Yorkda keçiriləcək. Tədbirin əsas məqsədi rəqəmsal transformasiyaya əhəmiyyətli diqqət yetirməklə ortaya çıxan qlobal çağırışları və imkanları həll etməkdir.
Bu təşəbbüslərin əsas komponenti olan qlobal rəqəmsal keçid, açıq, azad və təhlükəsiz rəqəmsal gələcək üçün ümumi prinsip yaratmağa çalışır ki, bütün bu universal əlaqəni, rəqəmsal inklüzivliyi, məlumatların qorunmasını və rəqəmsal texnologiyalardan məsuliyyətli istifadəni vurğulayacaq. Nəhayət dördüncü məsələ, Birləşmiş Millətlər Təşkilatının e-hökumət sorğusudur. Bu, 193 üzv dövlətdə rəqəmsal hökumət mənzərəsini qiymətləndirən və Elektron hökumətinin hesabatını hazırlayan ikiillik bir fəaliyyətdir. Bu illər ərzində sorğu müqayisəli reytinq üçün məlumat vasitəsi kimi xidmət edib”, - deyə Vinçenzo Aquaro əlavə edib.