İDMAN
Vitali Kliçkoya şapalaq vurmuş britaniyalı boksçu buna görə cərimə edilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Britaniyalı boksçu Derek Çisoranın super-ağır çəki dərəcəsində dünya çempionu Vitali Kliçkoya vurduğu şapalaq ingilis idmançısına 50 min dollara başa gələcəkdir.
Cərimənin təyin edilməsi barədə Dünya Boksçular Şurasının (WBA) prezidenti Xose Süleyman məlumat vermişdir. O demişdir: “Bu biabırçılıqdır. Bu, bizim idman növünə hörmətsizlik və tamamilə yolverilməz hərəkətdir. Çisoranın alçaqcasına vurduğu bu zərbəyə görə biz onu cəzasız qoya bilmərik və o bunu hiss edəcəkdir. Onda centlmenlikdən əsər-əlamət yoxdur, biz boksçulardan bu cür davranış gözləmirik”.
Xose Süleyman bildirmişdir ki, Çisoranın ödəyəcəyi cərimə xeyriyyəçilik məqsədlərinə sərf ediləcəkdir.
Qalmaqallı əhvalat cümə günü, 2012-ci il fevralın 17-də baş vermişdir. Həmin gün idmançıların çəkisi təyin edilən vaxt D.Çisora gözlənilmədən ukraynalı boksçuya hücum etmişdir. Sifətinə şapalaq dəymiş Kliçko buna cavab verməmiş, lakin D.Çisoranın dərsini şənbə günü rinqdə verəcəyini vəd etmişdir. Kliçko-Çisora döyüşü bu gün Münxendə keçiriləcəkdir.
V.Kliçko demişdir: “Onun başı xarabdır. Derek güclü psixoloji təzyiq altındandır, hiss edirəm ki, o qorxur. Belə olmasaydı, mənə şapalaq vurandan sonra kənara sıçramazdı. O məni boksçu kimi yox, qadın kimi, sadəcə əlinin ovcu ilə vurdu. Əgər o, həqiqətən döyüşmək istəyirsə, bunu yumruqla etməli olacaqdır”.
Xatırladaq ki, V.Kliçko peşəkar rinqdə 45 döyüş keçirmiş, onlardan 43-ündə qalib gəlmişdir (o cümlədən 40 döyüşdə vaxtından əvvəl). D.Çisora isə peşəkar rinqdə 15 döyüşü qələbə ilə başa vurmuş (9 döyüşdə nokautla), 2 döyüşdə məğlub olmuşdur.