Vladanka Andreeva: Ümid edirəm ki, Azərbaycan bundan sonra da korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi sahəsində böyük nəticələr əldə edəcək VİDEO

Bakı, 20 may, G.Mahmudlu, G.Türksoy, AZƏRTAC
Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Konvensiyasında iştirak edir və onun bütün mexanizmlərində təmsil olunur. Yəni Azərbaycan həmin mexanizmdə həm bu sahədə nəzərdən keçirilən, həm də nəzərdən keçirən dövlət statusunda iştirak edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network-çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində deyib:"Bir çox hallarda korrupsiya cəmiyyətin üzərinə qoyulmuş gizlin haqq kimi istinad edilir. Çünki o, xalqların rifahını əlindən alır, vətəndaşları öz hüquqlarından məhrum edir və idarəçiliyin əsaslarını sual altına alır. 2030-cu ilə olan dayanıqlı inkişaf gündəliyinin icrasına cəmi 5 il vaxt qalır. Biz hamımız çalışmalıyıq ki, dayanıqlı və yaşıl artımı təmin edək. İstər yoxsulluğa son, istərsə də bərabərsizliyin azaldılması və ya planetimizin qorunması kimi məqsədlərə gəldikdə, korrupsiya dayanıqlı inkişafın hər pilləsində hədədir. O iqtisadiyyatları sarsıdır, təsisatları zəiflədir və ən zəif təbəqələrə qeyri- mütənasib formada təsir göstərir. Biz tərəfdaşlığımızı gücləndirməliyik ki, hesabatlılıq və şəffaflıq artsın. Qlobal şəbəkənin verdiyi vasitələrdən istifadə etməyə çalışmalıyıq. Çünki BMT-nin Korrupsiyaya qarşı Konvensiyası beynəlxalq səviyyədə yeganə hüquqi qüvvəyə malik olan sənəddir. Əlbəttə ki, həmin konvensiyada beynəlxalq əməkdaşlığın vacibliyi qeyd olunur və təbii ki, cinayət tədbirlərinin görülməsi, vəsaitlərin qaytarılması ilə bağlı konkret məsələlər qoyulur.
Ümid edirəm ki, GlobE şəbəkəsinin fəal üzvü kimi Azərbaycan bundan sonra da korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi və vəsaitlərin qaytarılması istiqamətində böyük nəticələr əldə edəcək. BMT olaraq Azərbaycan hökumətinə belə mühüm məramda dəstəyimizi davam etdirəcəyik", - deyə V.Andreeva qeyd edib.