MƏDƏNİYYƏT
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Naxışların rəqsi” adlı sərgi açılıb VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyə və Azərbaycan rəssamlarının süni intellektlə sənəti birləşdirdiyi “Naxışların rəqsi” adlı sərginin açılışı olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sərgidə Azərbaycan motivləri ilə işlənmiş əsərlər tətbiq vasitəsilə hərəkətli təsvirlərə çevrilmişdir. Bundan əlavə, bəzi əsərlər yerli musiqi motivlərinin müşayiəti ilə təqdim edilib.
İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Nabat Qaraxanova Vyanada keçirilən sərgi haqqında məlumat verib. O, burada süni intellekt və incəsənətin birləşdiyini qeyd edərək, dünyanın müxtəlif yerlərində oxşar sərgilər təşkil etdiklərini bildirib.
Festivalın direktorunun sözlərinə görə, onlar “Azərbaycanın ilk süni intellektli rəssamını yaradıblar” və onun köməyi ilə həm Azərbaycanda, həm də Türkiyədə rəqəmsal incəsənət sahəsində işləri təqdim ediblər. O, sərginin hər iki ölkədə rəqəmsal incəsənət sahəsində görülən işin səviyyəsinin əksi kimi sənətsevərlərə təqdim olunduğunu vurğulayıb.
Qaraxanova bildirib ki, “Naxışların rəqsi” üçün tekstil məmulatların üzərində süni intellektdən istifadə etməklə 3D simvollar yaradılıb və sərgidə təqdim olunan əşyalar yeni moda növünün yaranmasına töhfə verməklə yanaşı, həm də sənət əsərləridir.
“Rəqəmsal incəsənət təkcə sənət deyil, həm də gənclərə innovativ ideyalarla yeni əsərlər yaratmaq və dünyaya nümayiş etdirmək imkanı verir”, - deyə o, bu sərgidə Azərbaycanın ilk “süni intellektli rəssamı Şuşa xanımın” da nümayiş olunduğunu əlavə edib.
İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Qarabağın qədimdən Azərbaycan üçün incəsənət və mədəniyyət baxımından çox əlamətdar bir yer olduğunu vurğulayıb. Bu bölgədən bir çox məşhur rəssamlar çıxıb, ona görə də canlandırdıqları ilk süni intellekt rəssamını “Şuşa xanım” adlandırıblar.
İstanbul Rəqəmsal İncəsənət Festivalının bədii rəhbəri Esra Özkan sərgilənən əsərlərin süni intellektdən istifadə olunmaqla hazırlandığını, çoxşaxəli və uzunmüddətli zəhmətin məhsulu olduğunu qeyd edib.