WTA-nın baş direktoru: Tribunalarda 2022-ci ildə maksimum tamaşaçı olacağını düşünürəm
Bakı, 7 dekabr, AZƏRTAC
Koronavirus pandemiyası 2020-ci ildə qadın tennisçilərin çıxışına mənfi təsir göstərsə də, Qadın Tennisçiləri Assosiasiyası (WTA) bu imtahandan üzüağ çıxıb.
AZƏRTAC xəbər verir ki, bunu WTA-nın baş direktoru Stiv Saymon mətbuata açıqlamasında söyləyib. O gələcəklə bağlı proqnozlarını da verib: “Mövsümün bütün problemlərinin öhdəsindən gəldiyimizə görə qürur hissi keçirməli olduğumuzu söyləyə bilərəm. Yarışlar yarımçıq dayandırılandan sonra biz onu bərpa etməyi bacardıqsa, bu özü böyük uğurdur. Mövsümün bərpasından sonra 2 “Böyük dəbilqə” seriyalı turnir və əlavə olaraq 10 yarış da təşkil edə bildik. Tennis komanda idman növü deyil ki, turnirləri bir yerdə təşkil edib iştirakçıları cəmiyyətdən təcrid edəsən. Tennisçilər hər yerə səfər etməlidir. Biz yarışları təhlükəsiz şəkildə keçirmək iqtidarında olduğumuzu sübut etdik. Çox az sayda raketka ustası koronavirusa yoluxdu. Biz birgə işbirliyimiz sayəsində daha da güclü olduq”.
S.Saymon tribunalarda azarkeşlərlə bağlı məhdudiyyətlərin nə vaxt götürüləcəyi ilə əlaqədar məsələyə də aydınlıq gətirməyə çalışıb. O, qeyd edib ki, 2022-ci ildə tribunalarda maksimum tamaşaçı olacağını düşünür: “Tribunalarda 2022-ci ildə maksimum tamaşaçı olacağını düşünürəm”.
Xatırladaq ki, mövsüm bərpa edildikdən sonra yarışlar boş tribunalar önündə keçirilsə də, “Rolan Qarros” turnirindən etibarən arenalara məhdud sayda azarkeş buraxılıb.