CƏMİYYƏT
WWF-in Azərbaycan ofisinin direktoru: Sovetlər dövründə məhv edilən meşə ekosistemi yarım milyon ağac əkilərək bərpa olunub VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycanda ilk dəfə 2000-ci illərin əvvəllərində layihələr həyata keçirməyə başlayıb. İndiyə kimi həyata keçirilən layihələr meşə, şirin su ekosistemlərinin, bioloji müxtəlifliyin qorunmasına və bərpasına yönəlib. Meşələrin mühafizəsi və qurulması sahəsində fərqli ərazilərdə 700 və 300 hektar olmaqla meşəbərpa işləri aparılıb və bunların qlobal iqlim dəyişmələrinə təsiri hesablanıb.
AZƏRTAC xəbər verir ki, bunu WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov COP29-la bağlı keçirilən mətbuat konfransında deyib.
"Sovetlər dövründə meşələrin bir qismi müxtəlif məqsədlərlə qırılmışdı. Həmin ərazilərin meşə fondu torpaqlarına qaytarılması və onların bərpası diqqət mərkəzində olub. Nəticədə yarım milyona yaxın ağac əkilərək həmin ərazilərin meşələrə çevrilməsinə şərait yaradılıb və meşə ekosistemi bərpa olunub.
Bundan əlavə, fərqli növlərin mühafizəsi və bərpasına yönələn müxtəlif layihələrimiz var. Ötən əsrin sonlarında Qafqazda bəbirlərin mövcudluğu sual altında idi. Bizim bu istiqamətdəki layihəmiz nəticəsində nəinki onların Qafqazda tapılmasına, həmçinin bərpasına və mühafizəsinə yönələrək ciddi nəticələr əldə edildi.
Təşkilat qlobal olaraq ən qaynar nöqtələrdə çalışır. Qafqaz regionu biomüxtəliflik cəhətdən zəngin nöqtələrdən biridir. O cümlədən Azərbaycanın da bu zənginlikdə öz rolu var. Öz layihələrimizlə qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasına, qarşısının alınmasına və adaptasiyaya yönəlmiş tədbirləri dəstəkləyirik", - deyə E.Əsgərov bildirib.