CƏMİYYƏT
WWF-in Qafqaz nümayəndəliyi COP29-da son 20 ildə keçirilən layihələrin iqlimə təsirlərini göstərən təqdimatlar edəcək
Bakı, 5 noyabr, AZƏRTAC
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) mərkəzi ofisi COP29-da pavilyonla təmsil olunacaq və qlobal şəbəkənin müxtəlif tədbirləri keçiriləcək. Noyabrın 18-də isə WWF-in Qafqaz nümayəndəliyinin həmin pavilyonda Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi, Almaniya İnkişaf Bankının təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) iştirakı ilə tədbir keçiriləcək. Yüksəksəviyyəli qonaqların qatılacaqları tədbirdə WWF-in Qafqaz nümayəndəliyinin son 20 ildə həyata keçirdiyi layihələrin iqlimə necə təsir etdiyini göstərən təqdimatları olacaq.
AZƏRTAC xəbər verir ki, bunu WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov COP29-la bağlı keçirilən mətbuat konfransında deyib.
“Həmin tədbirdə “Qafqazda Eko dəhlizlər Fondu” layihəsinin təqdimatı olacaq və müxtəlif qurumlarla müqavilələr imzalanacaq. Noyabrın 21-də Azərbaycan pavilyonunda IDEA İctimai Birliyi və ETSN-lə birlikdə keçiriləcək tədbirdə isə “Qafqaz bəbirlərinin mühafizəsi" layihəsinin təqdimatı həyata keçiriləcək”, - deyə E.Əsgərov bildirib.