Xaçmazda istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub
Bakı, 5 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Xaçmaz rayonunun Armud Padar kəndi ərazisinin meşə zolağında Köhnə asfalt zavod adlanan əraziyə baxış keçirərkən ərazidə 110 kiloqram sümüklü, 36 kiloqram sümükdən ayrılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, çoxlu at başı, ayağı və digər hissələri aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırma zamanı aşkar olunmuş ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan mənşəyi məlum olmayan ətlər qida istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan utilizasiya olunub.
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini gücləndirir və vətəndaşlardan belə hallarla bağlı məlumatları olduğu təqdirdə 1003 nömrəli "Çağrı mərkəzi”nə məlumat verməyi xahiş edir.