CƏMİYYƏT
Xaçmazda Zəfər Gününə həsr edilmiş konfrans keçirilib, şəhid ailələri və qazilərlə görüş olub
Bakı, 7 noyabr, AZƏRTAC
Xaçmaz rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunan “Şanlı qürur tariximiz” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Ağalar Vəliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayonun müvafiq qurumlarının rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən deputat Ağalar Vəliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və başqaları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycanın misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazandığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğunu vurğulayıblar.
Bildirilib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbənin arxasında müdrik siyasi və hərbi diplomatiya, xalq-dövlət birliyi, Prezident İlham Əliyevin dərin zəkası və uzaqgörən siyasəti dayanır. Bu gün Azərbaycan şanlı Zəfərimizdən və doğma Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışdan irəli gələn yeni hədəflərini müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.
Vurğulanıb ki, böyük Qələbəmizin qazanılmasında əziz xatirələri hər zaman ehtiramla anılan qəhrəman şəhidlərimizin, eləcə də igid qazilərimizin misilsiz xidmətləri olub. Həmişə dövlətçiliyimizə sədaqəti ilə seçilən Xaçmaz rayonunun sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək Qələbəmizə layiqli töhfələrini verib, onlardan bir çoxu şücaətlərinə görə müxtəlif orden və medallarla təltif edilib.
Tədbirdə xüsusi vurğulanıb ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Konfransdan sonra şəhid ailələri və qazilərlə keçirilən görüşdə bildirilib ki, onlara dəstək bundan sonra da davam etdiriləcək.
Görüşün iştirakçıları şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.