REGİONLAR
Xaliq Mirzəyev: Azad olunmuş ərazilər üzrə 16 işlə bağlı toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib
Xankəndi, 10 dekabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə bu il həyata keçirilmiş nəzarət tədbirləri zamanı aşkarlanmış ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev Xankəndidə ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, nöqsanların aradan qaldırılması üçün 11 ədəd müddətli "Ekoloji tələb" verilib: “Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə, ümumilikdə, 147060 manat məbləğində cərimə tətbiq edilib və ətraf mühitə dəymiş ziyanla bağlı 22 iş üzrə 29273,57 manat məbləğində iddia qaldırılıb. 16 işlə bağlı toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib”.