Xalq Artisti Məlik Dadaşovun xatirəsi anılmışdır
Bakı, 9 iyun (AZƏRTAC, Gözəl Ağayeva). İyunun 9-da “Azərbaycanfilm” Kinostudiyasının kollektivi, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri İkinci Fəxri xiyabana gələrək Xalq Artisti Məlik Dadaşovun xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuşlar.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov görkəmli sənətkarın Azərbaycan kino sənətinə verdiyi töhfələrdən söz açmışdır.
Bildirmişdir ki, Məlik Dadaşov Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindən biridir. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olmuşdur. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaratmışdır. O, həm də gözəl pedaqoq idi.
Digər çıxışlarda da görkəmli aktyorun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi töhfələr vurğulanmışdır.
Məlik Dadaşov 1924-cü ildə Bakıda dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində, həm də A.Zeynallı adına Musiqi Texnikumunda davam etdirmişdir. O, əvvəlcə Gənc Tamaşaçılar Teatrında, Zaqatala Dövlət Dram Teatrında, sonra Şəmkir Dövlət Dram Teatrında aktyor kimi çalışmışdır.
M.Dadaşov 1947-ci ildə çəkilmiş “Fətəli xan” tarixi-bioqrafik filmində Sərdar xanın hərbi rəisi rolunda çıxış etmişdir.
Tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilmişdir. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq “Axırıncı aşırım” filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.
Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı vermişdir.
Məlik Dadaşov “Özbəkfilm”in istehsal etdiyi “Təyyarələr enmədi” filmində Yəhya, “Moldovafilm”in çəkdiyi “Dmitri Kantemir” ekran əsərində Vəzir, “Belarusfilm”də istehsal olunmuş “Müsahibə götürən adam” filmində Niyazxan rollarında çəkilmişdir.