XALQ TEATRLARININ I ÜMUMRESPUBLİKA BAXIŞ-MÜSABİQƏSİNİN 2-Cİ TURUNA YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında xalq teatrlarının I ümumrespublika baxış-müsabiqəsinin 2-ci turuna yekun vurulmuşdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin paytaxt və bölgə teatrlarının yenidən qurulmasına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Nazir baxış-müsabiqədə ölkəmizin 11 bölgəsindən 44 xalq teatrının 400-ə yaxın üzvünün iştirak etdiyini bildirmişdir. Natiq qeyd etmişdir ki, əsas məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb edilməsi, bölgələrdə əhalinin teatr sənətinə marağının artırılmasından ibarətdir.
Bildirilmişdir ki, birinci tur martın 24-dən aprelin 18-dək regionlarda keçirilmiş və ikinci tura 14 kollektiv vəsiqə qazanmışdır. Aprelin 22-dən 25-dək II turun qalibləri müəyyənləşdirilmişdir.
Qeyd olunmuşdur ki, II mərhələ A.Şaiq adına Dövlət Kukla Teatrında olmuş, burada N.Gəncəvi adına Masallı xalq teatrının tamaşası göstərilmiş, və digər iştirakçılara yenidən baxış keçirilmişdir.
Qalibləri 5 nəfərdən ibarət münsiflər heyəti seçmişdir.
Mərdəkan qəsəbəsinin N.Gəncəvi adına mədəniyyət evinin xalq teatrının tamaşası I yeri tutmuşdur. Kollektiv 1000 manat pul mükafatına və I dərəcəli diploma layiq görülmüşdür.
Şərur rayonunun Rza Təhmasib adına xalq teatrı II yerə layiq görülmüşdür. Kollektivə 750 manat pul mükafatı və II dərəcəli diplom təqdim edilmişdir.
Masallı rayonunun N.Gəncəvi adına xalq teatrı III yerə çıxmışdır. Kollektiv 500 manat pul mükafatı almış və III dərəcəli diplomla təltif edilmişdir.
Nazir Ə.Qarayev qaliblərə mükafatları təqdim etmişdir. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin sektor müdiri Əlikram Əliyev müxtəlif nominasiyalar üzrə baxış-müsabiqənin qaliblərinə diplom, xatirə hədiyyəsi və pul mükafatları təqdim etmişlər.
Ümumiyyətlə, II turda iştirak edən bütün kollektivlər baxış-müsabiqənin diplomları ilə təltif olunmuşlar.
Sonda birinci yerə layiq görülmüş Mərdəkan qəsəbəsinin N.Gəncəvi adına xalq teatrının kolektivi teatrsevərlər qarşısında çıxış etmişdir.
![]() |
![]() |
![]() |


