XALQ YAZIÇISI İSA MUĞANNANIN VI CİLDLİYİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 10 sentyabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən Birinci Bakı beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində xalq yazıçısı, “İstiqlal” ordenli İsa Muğannanın altı cilddə “Seçilmiş əsərləri”nin təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Aşıqlar Birliyini sədri, xalq şairi Zəlimxan Yaqub və başqaları yazıçının yaradıcılığı və ömür yolu haqqında danışmışlar.
İsa Muğanna - 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində, müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Tibb Universitetinə daxil olsa da, sonradan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində oxumuşdur. Daha sonra Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu da bitirmişdir.
Görkəmli yazıçı “Azərnəşr”də ədəbiyyat şöbəsinin redaktoru, “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışmışdır.
Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilən “Anadil oxuyan yerdə” yazısı ilə başlayan yazıçının 50-ci illərdən etibarən kitabları nəşr olunmağa başlamışdır. Yazıçının “Saz”, “Tütək səsi”, “Kollu Koxa”, “Yanar ürək”, “Məhşər”, “İdeal” və s. əsərləri oxucuların böyük marağına səbəb olmuşdur. Zəmanəmizin böyük yazıçıları Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyev, xalq şairi Rəsul Rza İsa Muğannanı sovet ideologiyası təqiblərindən qorumuş, əsərlərinin işıq üzü görməsi üçün köməklərini əsirgəməmişlər.
İ.Muğannanın ssenariləri əsasında “Nəsimi”, “Ulduzlar sönmür” və s. filmlər çəkilmiş, əsərləri bir çox xalqların dillərinə tərcümə olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, yazıçının seçilmiş altıcildliyi Mədəniyyət və Turizm Nazirliyi və “Avrasiya Press” nəşriyyatı tərəfindən çap edilmişdir. Seçilmiş əsərlərin buraxılışına məsul Vaqif Bəhmənli, tərtif edəni Firuzə Muğanna, redaktoru isə Umud Rəhimoğludur
İki dünyanın-cismani və irfani aləmin bilicisi İsa Muğanna tədbirin sonunda göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirmiş, oxuculara öz imzası ilə kitab bağışlamışdır.
######
![]() |
![]() |

