CƏMİYYƏT
Xaricdə yaşayan azərbaycanlı gənclər Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib



Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar Avstriyada silsilə tədbirlər keçirilib.
ASAP-dan AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror tədbirləri zamanı qazandığımız uğurdan, savaşda şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilib. Otuz ildən bəri işğal altında olmuş şəhər və kəndlərimizin azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğu vurğulanıb.
ASAP Avstriya nümayəndəliyinin üzvləri isə Vyana şəhərində Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin qarşısında bir araya gələrək Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar. Toplaşma zamanı azərbaycanlı gənclər İkinci Qarabağ müharibəsinin şəhidlərini yad etmək məqsədi ilə gül qoyub və şam yandırıblar.