Xarici ekspert: Bakı şəhər həyatının hibrid modellərinin sınaqdan keçirilməsi üçün pilot platformaya çevrilə bilər
Bakı, 22 may, AZƏRTAC
Bakı rəqəmsal texnologiyaları, ekoloji həlləri və yerli iqtisadiyyatın inkişafını birləşdirən şəhər həyatının hibrid modellərinin sınaqdan keçirilməsi üçün pilot platformaya çevrilmək potensialına malikdir.
Bunu AZƏRTAC-a “GSMA Mobile for Development” təşkilatının iqlim və rəqəmsal həllər üzrə rəhbəri Akankşa Şarma bildirib.
O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycan paytaxtının dayanıqlı və davamlı inkişaf edən urbanizmlə bağlı qlobal müzakirələrdə iştirak etmək istəyini göstərir.
Agentliyin həmsöhbətinin fikrincə, “ağıllı” şəhərlərin inkişafı insanyönümlü olaraq qalmalı, həyat keyfiyyətinin yüksəldilməsinə, xidmətlərdən istifadə imkanlarının artırılmasına və şəhərlərin uzunmüddətli dayanıqlığının möhkəmləndirilməsinə xidmət etməlidir. Bu baxımdan Bakı kimi şəhərlər daha inklüziv və dayanıqlı şəhər mühitinin formalaşdırılması üçün rəqəmsal texnologiyaların, iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin və yerli iqtisadi inkişafın inteqrasiyası imkanlarını araşdıra bilər.
Akankşa Şarma vurğulayıb ki, dünyanın bir çox şəhərləri kimi, Bakı da temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması və iqlim riskləri də daxil olmaqla ekoloji çağırışlarla üzləşir. O əlavə edib ki, bu amillər rəqəmsal və fiziki infrastrukturun uzunmüddətli planlaşdırılmasını xüsusilə vacib edir.
Müxbir – Tamilla Məmmədova