SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Qazaxıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Oyrat Bayqarini qəbul etmişdir.
Görüş zamanı müvəqqəti işlər vəkili Oyrat Bayqarin ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirərək əlaqələrin bundan sonra daha da genişlənməsinə əmin olduğunu bildirmişdir. Qazaxıstanlı diplomat Azərbaycan Konstitustiyasına dəyişikliklərlə bağlı avqustun 24-də keçirilmiş referendumun uğurla keçirilməsini Azərbaycan hökumətinin demokratik prinsiplərə sadiqliyinin nümunəsi kimi qiymətləndirmişdir.
Sonra diplomat Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 10 illiyi ilə əlaqədar ölkəsinin xarici işlər naziri Kasımjomart Tokayevin təbrik məktubunu nazir Vilayət Quliyevə təqdim etmişdir. Oyrat Bayqarin bu münasibətlə keçiriləcək tədbirlər haqda məlumat vermiş və Azərbaycan xalqına ilk növbədə Qarabağ məsələsinin tezliklə ədalətli prinsiplər əsasında həll edilməsi arzusunu ifadə etmişdir.
Xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin gələcəkdə də bütün sahələrdə möhkəm özüllər əsasında inkişafına ümidvar olduğunu bildirmişdir.
Nazir Vilayət Quliyev avqustun 24-də keçirilmiş referendumla bağlı diplomatın söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirmiş və bu hadisənin Azərbaycanın demokratik həyatında növbəti bir səhifə olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.