Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatı
Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton və komissar Ştefan Fülenin sözçülərinin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, QHT-lərin və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında Qanuna əlavə və dəyişikliklərlə bağlı 2014-cü il 12 fevral tarixli bəyanatı təəccüb və anlaşılmazlıq doğurur.
Bu cür açıqlamalar verilərkən Avropa İttifaqının hansı “etibarlı” mənbələrə istinad etməsi maraq doğurur.
Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında Qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılmış və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş əlavə və dəyişikliklərdə nəzərə alınmışdır. Ortaq rəy ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcəkdir.
Azərbaycan Respublikasının QHT-lərin və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyi Avropa İttifaqı ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır.
Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində və qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
2013-cü ilin noyabr ayında Azərbaycan Respublikasının “İctimai iştirak haqqında” Qanunu qəbul edilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanmışdır. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsil də nəzərdə tutulmuşdur.
Azərbaycanda QHT-lərin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir.