REGİONLAR
Xarici səyyah: Xudafərin körpüsü qədim tarixi özündə əks etdirir VİDEO
Cəbrayıl, 28 oktyabr, A.Yavərzadə, AZƏRTAC
Azərbaycana ikinci səfərimdir. Bundan bir neçə il öncə həyata keçirdiyim ilk səfər zamanı gözəl şəhərinizi - paytaxt Bakını gəzdim. İndi yenə ölkənizdəyəm, amma bu dəfə Qarabağa gəlmişəm.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Cəbrayıla səfəri zamanı Xudafərin körpüsü ilə tanış olan niderlandlı səyyah Nik Terhust deyib.
“Burada dövlətinizin işğaldan azad olunan torpaqları necə bərpa etdiyini görürük. Tarixi məkanları, bərpa olunmuş binaları və digər görməli yerləri gəzirik. Xudafərin körpüsünə də baxdıq. Bu körpü qədim tarixi özündə əks etdirir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupu işğaldan azad olunan torpaqlarımızda səfərdədir. Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.
Ümumiyyətlə, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400-dən çox məşhur beynəlxalq səyahətçi iştirak edib. “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir.
Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.