SİYASƏT
Xələf Xələfov: Ümid edirəm yol verilən yanlışlıq aradan qaldırılacaqdır
Bakı, 24 fevral (AZƏRTAC, Ceyhun Rüstəmov). Azərbaycanın siyasi xəritəsi təhrif olunursa, onun maraqlarına qarşı addımlar atılırsa biz bununla bağlı müvafiq işlər görürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Latviyada çap olunan “Yeni dünya coğrafiyası” dərsliyində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yol verilən yanlışlığa münasibətini bildirən xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir.
Nazir müavini qeyd etmişdir ki, Azərbaycanın bir çox ölkədə diplomatik nümayəndəlikləri vardır. Onlar ölkəmizin maraqlarını qoruyurlar. Bu cür hallarla qarşılaşdıqda səfirliklərə lazımi təlimatlar verilir, bununla bağlı müvafiq addımlar atılır. Azərbaycan tərəfi artıq Latviya ilə bağlı məsələyə reaksiya vermişdir. Ümid edirəm ki, məsələyə aydınlıq gətiriləcək və yol verilən yanlışlıq aradan qaldırılacaqdır.