XEYİRXAHLIQ ONUN XİSLƏTİNDƏ İDİ
Bakının Mustafa Sübhi küçəsindəki 135 nömrəli evin qapıları, əslində, nə gündüzlər, nə də gecələr bağlanırdı. Paytaxtın və hətta respublikanın hər yerindən bura xəstə insanlar axışıb gəlirdilər. Yəqin bilirdilər ki, burada onları qəbul edəcək, dinləyəcək və xəstəliyindən asılı olmayaraq kömək göstəriləcək, ağrılarını yüngülləşdirəcəklər. O vaxtlar həmin evdə yaşayan professor, ötən əsrin 30-cu illərində Azərbaycanın səhiyyə sahəsində ilk elmlər doktorlarından biri olan Mehdibəy Səfərəlibəyov az qala bütün xəstəlikləri müalicə edən həkim kimi ad qazanmışdı.
Mehdibəy, əslində, yoluxucu xəstəliklər üzrə ixtisaslaşmışdı və o vaxt bu sahədə onun tayı-bərabəri yox idi. Yadımdadır, hələ kiçik ikən öz yaxınlarımdan onun haqqında daim tərifli sözlər eşidərdim. Sən demə, o, qarın yatalağına yoluxmuş qohumlarımızdan birini, demək olar, “o dünyadan” qaytarıbmış. Axı, indi satılan bir çox güclü dərman preparatlarının onda heç izi-tozu da yox idi. Deyirdilər ki, Mehdibəyin əli yüngüldür. Yəqin, bu da vardı. Hərçənd kamil mütəxəssis olan Mehdibəy, çox güman, əlinin altında olanlardan düzgün və səmərəli istifadə etməyi yaxşı bilən həkim idi, özü də çox məsuliyyətli, yalnız uğur qazanmağa çalışan və bu uğura inanan insan idi. Professora müraciət edən xəstələr bunu hiss edirdilər, ona inanmaqla, özləri də bilmədən müalicəyə kömək edirdilər. Axı, indi çox yaxşı bilirik ki, söhbət hətta konkret infeksiyadan gedəndə belə sırf psixoloji amil heç də az rol oynamır.
Xalq arasında, eləcə də həkimlər arasında çox populyar olan professorun xəstələri müxtəlif adamlar idi. Onların arasında Üzeyir Hacıbəyov, Mirzə İbrahimov kimi respublikanın adlı-sanlı, görkəmli simaları da vardı. Onlar hətta Mehdibəyin sırf ixtisasına aid olmayan məsələlərlə bağlı onun yanına məsləhətə gəlirdilər. Professor sözün ən geniş mənasında heç vaxt yanılmayan mükəmməl diaqnoz ustası kimi məşhur idi.
Lakin hər halda doktor Səfərəlibəyova çox vaxt sadə insanlar müraciət edirdilər. Məsələ bundadır ki, onun mərhəmətli və təmənnasız həkim olduğunu yaxşı bilirdilər. Professor heç vaxt haqq müqabilində müalicə etmirdi, onu heç qəbul da etmirdi, hətta lazım gəldikdə dərman pulunu da özü verirdi. Şəfa tapan bir çox xəstələr ondan ayrılmır, professorun haqqını qismən olsa da qaytarmaq arzusu ilə evinə, yaxud uzun illər Azərbaycan Dövlət Tibb Universitetinin başçılıq etdiyi kafedrasına, Semaşko xəstəxanasındakı iş yerinə gedir, zəng vururdular. Mehdibəy isə onlara “Sizin mənə minnətdarlığınız - sağlamlığınızdır”, - sözləri ilə cavab verirdi.
Bu qeyri-adi insanı tanıyanların onun haqqında danışdıqlarını dinləyərkən mən istər-istəməz əvvəlcə Saxalində, sonra isə Moskva vilayətində həkim kimi xalqına fədakarcasına xidmət etmiş və həmişə ən ali insani keyfiyyətlər nümayiş etdirmiş böyük rus yazıçısı Çexovu xatırlayıram.
Ötən əsrin 60-cı illərində mən gənc jurnalist, - professor Səfərəlibəyovla tanış olanda o, artıq 25 il idi ki, yoluxucu xəstəliklər kafedrasının müdiri idi, yoluxucu xəstəliklərlə mübarizə sahəsində geniş və uğurlu tədqiqat işi aparırdı. O vaxt onun 70-ə yaxın yaşı vardı, lakin o, öz işinə də gənclik ehtirası ilə yanaşırdı, elmi axtarışlarından, gələcək planlarından elə coşğunluqla danışırdı ki, məəttəl qalırdım. Indi başa düşürəm ki, əgər gümrah və fəalsansa, sevimli işinlə məşğulsansa, həyata keçirməyə qadir olduğun çoxlu ideyaların varsa, yaş maneə deyildir.
İsmayıllı rayonunun Kürdüvan kəndində anadan olmuş Mehdibəyin inadkarlığına, məqsədə doğru irəliləməsinə və həyat eşqinə ancaq həsəd aparmaq olardı. Bu, onun Azərbaycan ensiklopediyasına salınmış bir neçə sətirlik bioqrafiyasından da görünür. 1914-cü ildə rayonda realnı məktəbi bitirmiş 18 yaşlı gənc qardaşının yaşadığı Bakıya gəlir, bir müddət məktəbdə çoğrafiya müəllimi işləyir. Lakin ürəyində həmişə həkim olmaq arzusu yaşayır və olur da. Zənnimcə, bu onun alın yazısı idi. Yəqin ki, insanların sağlamlığının keşiyində xislətində yalnız xeyirxahlıq olan məhz onun kimi insanlar durmalıdırlar.
İnstitutu bitirən 28 yaşlı gənc mütəxəssis 4 nömrəli xəstəxanada ümumi terapiya ilə məşğul olur, özünü tamamilə yoluxucu xəstəliklərin müalicəsinə həsr edir. Keçən əsrin 20-ci illərində infeksionistlərə böyük ehtiyac var idi. Bu növzu onun elmi işlərinin - həm namizədlik, həm də doktorluq dissertasiyalarının əsasını təşkil etmişdir. M.Səfərəlibəyov doktorluq dissertasiyasını müdafiə etdikdən dörd il sonra kafedra müdiri təyin olunur. Kafedranın yerləşdiyi şöbə onun ikinci evinə çevrilir. O, işə hamıdan əvvəl gəlir, hamıdan sonra gedirdi. Həmkarları zarafatla “Professor, deyəsən, heç evə getməmisiniz...” deyirdilər.
Onu yüksək qiymətləndirir, mükafatlara, adlara layiq görürdülər. Yadımdadır, uzun illər Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuş, son dərəcə tələbkar insan professor Bahadur Eyvazov onun haqqında həmişə hörmətlə, səmimiyyətlə danışır, professor Səfərəlibəyovun kafedrasındakı həkimlərin hazırlığının keyfiyyətindən razılığını bildirirdi.
Mehdibəyin həkimlik praktikasına gəldikdə isə gənc, eləcə də orta yaşlı mütəxəssislər bilik və təcrübəsini daim onlarla bölüşən müəllimin hər bir sözünü, məsləhətini dinləyir, gördüyü işləri diqqətlə izləyir, böyük məmnuniyyətlə onunla birlikdə rayonları gəzirdilər. O illərdə tibb professorları tez-tez rayonlara səfər edirdilər. Yerlərdə yüksək ixtisaslı həkimlər çatışmırdı və onları paytaxtdan dəvət etmək lazım gəlirdi. Yerli əhalinin daha çox infeksionistlərə ehtiyacı vardı. O vaxtlar kənd rayonlarında müxtəlif təhlükəli yoluxucu xəstəliklərin epidemiyası tez-tez olurdu. Professor Səfərəlibəyovun qızı Rövşən xanım mənə danışırdı ki, bir də gördün gecə yarısı mənzillərində telefon zəngi çalınırdı və atası dərhal zəruri tibbi ləvazimatı olan kiçik çamadanını götürüb bəzən təyyarə, bəzən maşın ilə, bəzən isə piyada çağırış yerinə çatmağa tələsərdi. Lazım gəldikdə xəstəni Bakıya, Səfərəlibəyovun şöbəsinə gətirirdilər. Xəstənin vəziyyəti ağır olanda Mehdibəy evə həqiqətən nadir hallarda gəlirdi.
Böyük Vətən müharibəsi illərində də belə hallar tez-tez olurdu. Professorun müalicə etdiyi döyüşçülərdən başqa o, diaqnoz qoymaq, müalicə təyin etmək, konsiliumlarda iştirak etmək üçün ölkəmizdə, xüsusən, Bakıda fəaliyyət göstərən hərbi hospitallara gedirdi. Axı, onun böyük təcrübəsinə, dərin biliyinə həmişə böyük ehtiyac vardı.
Professor Səfərəlibəyovun şən, zarafatcıl, lətifə danışmağı sevən adam olduğunu deməsəm, yəqin ki, onun portreti yarımçıq alınar. Bəzən xəstəni müayinə edə-edə lətifə danışıb gərginliyi dərhal aradan qaldırar və bu zaman xəstə ürəyində “Əgər professor zarafat edirsə, demək, vəziyyət o qədər ağır deyil” düşünərdi. Bu da həmişə ətrafa müsbət enerji saçan fitrən həkimlərə xas xeyirxahlıqdan irəli gəlirdi.
Mehdibəy Səfərəlibəyovu xatırlayanlar deyirlər ki, o, poeziya vurğunu idi. Ömər Xəyyamı, Füzulini... əzbərdən oxuyurdu. Bəlkə də ona görə Mirzə Şəfi Vazehin bu misraları yadıma düşdü:
1960-cı illlərin ortalarında professorun qəfil vəfatından sonra bakılılar hələ uzun illər bu gözəl mütəxəssisin, xalqını sevən və onun üçün çox işlər görmüş xeyirxah insanın xatirəsini bir daha anmaq üçün onun Mustafa Sübhi küçəsindəki evinin yanından ötərkən addımlarını yavaşıdırlar.
######
