CƏMİYYƏT
Xəzər rayonunda narkomaniya ilə bağlı maarifləndirici tədbir təşkil edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Elm və Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi ilə birgə Xəzər rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə, işçi qrupun məsul əməkdaşı və Elm və Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri mövzu ilə bağlı çıxış edərək dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.
Sonda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılıb, o cümlədən məktəbin müəllimlərinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilib.