ELM VƏ TƏHSİL
Xəzərdə seysmik stansiyaların quraşdırılması üçün amerikalı mütəxəssislər dəvət ediləcəkdir
Bakı, 19 yanvar (AZƏRTAC). Xəzər dənizinin Azərbaycan sektorunda ilk dənizdibi seysmik stansiyaların quraşdırılması üçün fevralın sonu və ya martın əvvəlində ABŞ-ın "Kinemetrcs" şirkətinin mütəxəssisləri ölkəmizə səfər edəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli AZƏRTAC-a bildirmişdir ki, səfər zamanı “Kinemetrcs” şirkətinin mütəxəssisləri Azərbaycanın yerli mütəxəssislərini də işə cəlb etməklə dənizdibi stansiyaların quraşdırılması üçün bir sıra hazırlıq işləri görəcəklər.
Məsələ ilə bağlı yaxın günlərdə Dövlət Neft Şirkətinin rəsmiləri ilə görüşlər keçirəcəyini deyən mərkəzin direktoru bildirmişdir ki, ilkin mərhələdə 3 stansiya quraşdırılacaqdır. Stansiyaların avadanlığı “Kinemetrcs” şirkətindən alınacaqdır. Hazırda stansiyalar üçün cihazlar yığılır. Artıq stansiyaların yerləşdiriləcəyi nöqtələr də müəyyənləşdirilmişdir. Stansiyalar “Şahdəniz”, “Ümid”, “Azəri” yataqlarının ətrafında dəniz dibində quraşdırılacaqdır. İlk 3 stansiyanın quraşdırılması bu il yekunlaşacaqdır. Direktor vurğulamışdır ki, bu, çox çətin prosesdir. Ona görə də əvvəlcə 3 stansiya quraşdırmağı planlaşdırırıq. Gələcəkdə bu işi davam etdirəcəyik.
Xəzərin Azərbaycan sektorunda dənizdibi stansiyaların quraşdırılması məqsədilə ötən il Azərbaycan tərəfi ilə ABŞ-ın “Kinemetrics” şirkəti arasında müqavilə bağlanmışdır.