MƏDƏNİYYƏT
“Xəzərin sahilində” adlı musiqi festivalına start verilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xəzərin sahilində” adlı musiqi festivalına başlanılıb.
AZƏRTAC xəbər verir ki, festivala müxtəlif janrlarda çıxış edən iyirmidən artıq ifaçı və qrup qatılıb. Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda xüsusi yerlər ayrılıb. İki gün davam edəcək festivalda ifaçılar öz repertuarlarını təqdim edəcəklər. Tədbirin ən maraqlı məqamlardan biri - səhnələrdən birinin boş saxlanılaraq, arzu edən hər kəsə burada ifa etmək imkanının yaradılması olacaq. Festivalda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı, müxtəlif səhnə şoularının təşkili də nəzərdə tutulur.
Festivalın məqsədi Bakıda küçə musiqiçilərinə münasibəti daha da yaxşılaşdırmaq, gəncləri musiqi ətrafında toplayaraq onların vaxtının xoş keçməsinə nail olmaqdır.