XIRDALANDA ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ MƏRKƏZİNİN İNZİBATİ BİNASININ AÇILIŞI OLMUŞDUR
Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş tədbirlər davam edir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 6-da Xırdalanda Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasının açılışı olmuşdur.
Şəhərin mərkəzi hissəsində inşa olunmuş ikimərtəbəli binada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün rayon bölmələri yerləşmişdir. Burada xidmətin “vahid pəncərə” formatında fəaliyyətinin təşkili üçün hər cür şərait yaradılmışdır. İş otaqları zəruri avadanlıq və müasir mebellə təchiz olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək bildirdi ki, bizi əlamətdar hadisədən - ulu öndər Heydər Əliyevin 85 illik yubileyindən cəmi bir neçə gün ayırır. Sürətli iqtisadi artım, neft strategiyasının uğurla həyata keçirilməsi və qeyri-neft sektorunun intensiv inkişafı xalqın rifahına müsbət təsir göstərir. Əhalinin həyat səviyyəsinin yüksəlməsi ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinin öncül istiqamətini təşkil edir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxışında vurğuladı ki, dövlətimizin başçısı İlham Əliyevin yoxsulluğun azaldılması xətti uğurla həyata keçirilir, işsizlərin sayı ilbəil azalır.
Sonra qonaqlar mərkəzin otaqlarını gəzdilər, burada yaradılmış iş şəraiti ilə tanış oldular.
######
