“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının 4 turbini quraşdırılıb YENİLƏNİB












Bakı, 18 fevral, AZƏRTAC
“ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına (KES) mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində “Xızı-Abşeron” KES-in texniki xüsusiyyətləri, iqtisadi, sosial, ekoloji faydaları və layihənin ölkənin enerji hədəflərinə nail olunmasında rolu barədə geniş məlumat verilib.
Daha sonra media nümayəndələri külək turbinlərinin komponentlərinin saxlanıldığı əraziyə və quraşdırılmış turbinlərə baxış keçiriblər. Stansiyada hər birinin gücü 6,5 meqavat olan 4 turbin quraşdırılıb. 2025-ci il ərzində bütün turbinlərin quraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir.
Qeyd olunub ki, KES-də quşlar üçün mühafizə sistemi də qurulub. Quş sürüsü əraziyə yaxınlaşdıqda süni intellekt vasitəsilə stansiyanın fəaliyyətində müvəqqəti fasilə yaranır. Həmçinin turbinlərin istismar müddətinin 25 il olduğu, ancaq 35 ilə qədər fəaliyyət göstərildiyi bildirilib. Turbinlərin hər birinin ayrılıqda çəkisi isə 500 ton təşkil edir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tikintisi həyata keçirilir. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığındadır. O bildirib ki, Xəzər dənizində külək elektrik stansiyalarının inşası hazırda prioritet məsələlərdən biridir.
“Bir çox şirkət KES-lərin inşasına maraq göstərir və bu istiqamətdə danışıqlar davam edir. Növbəti mərhələdə istehsalçının seçilməsi və müqavilələrin bağlanması gündəmdədir”, - deyə C. Abdullayev bildirib.
“ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven açıqlamasında qeyd edib ki, şirkət tərəfindən Xəzər dənizi üzərində qurulacaq külək enerji stansiyalarının əraziləri ilə bağlı saziş hazırlanmaq üzrədir. Onun sözlərinə görə, yaxın zamanda bu sazişin imzalanması gözlənilir. Həmçinin “ACWA Power” şirkəti Azərbaycanın külək potensialını müəyyən etmək üçün dəniz üzərində “Offshore Wind” layihəsinin icrasını davam etdirir.
“Bu layihə ilə bağlı Energetika Nazirliyi və tərəfdaşlarla görüşlər keçirilir. Şirkət ilkin razılaşmalardan sonra bu sahədə də çalışmalarını davam etdirəcək. Azərbaycan digər enerji mənbələr ilə yanaşı, külək enerjisi mənbələri ilə də çox zəngin ölkədir”, - deyə o bildirib.
Mediatur zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsi prioritetinə uyğun olaraq həyata keçirilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizdə bərpaolunan enerji sahəsində ən böyük layihələrdən biridir və “ACWA Power” şirkəti tərəfindən tamamilə xarici investisiya hesabına həyata keçirilir. Layihə enerji mənbələrinin şaxələndirilməsi ilə ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, yaşıl enerji istehsalının artırılması və ekoloji dayanıqlılığın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın zəngin külək enerjisi potensialı, yaşıl enerji sahəsinə olan böyük maraq və ölkəmizdə xarici investisiyalar üçün yaradılmış əlverişli mühit bu layihənin həyata keçirilməsinə mühüm stimul verib.
Stansiya ölkənin ümumi enerji balansında yaşıl enerjinin payını əhəmiyyətli dərəcədə yüksəldəcək. Belə ki, ilkin hesablamalara görə, stansiyada illik 1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq. Bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi investisiya dəyəri təqribən 340 milyon dollar təşkil edir.
Xatırladaq ki, layihə Abşeron və Xızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata keçirilir. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 meqavat olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 meqavatlıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək. Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır. Tədqiqatlar göstərir ki, Abşeronda küləyin orta illik sürəti saniyədə 9,35 metr, Xızıda isə 9.63 m/s təşkil edir. Bu göstərici turbinlərin səmərəli fəaliyyəti üçün kifayət qədər yüksəkdir və stansiyanın enerji istehsalında dayanıqlılığı təmin edəcək.