Xızı rayonunda bir ədəd top mərmisi aşkarlanıb
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də saat 13:55-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonunun Yeni Yaşma kəndində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə qeyd olunmuş ərazidə Giləzi quşçuluq fabrikinin yaxınlığına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) 100 millimetrlik top mərmisi (BK-3) aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin ətrafında üç min kvadratmetr əraziyə yerüstü, iki min kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.