ELM VƏ TƏHSİL
Xocalı şəhər 1 nömrəli tam orta məktəbə DİM-in müxtəlif nəşrləri təqdim edilib
Xocalı, 13 sentyabr, Gözəl Ağayeva, AZƏRTAC
Sentyabrın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) Xocalı şəhər 1 nömrəli tam orta məktəbin kitabxanasına şagird və müəllimlərin istifadəsi üçün müxtəlif nəşrlərini təqdim edib.
AZƏRTAC xəbər verir ki, nəşrlər sırasına DİM-in Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, biologiya, tarix, ümumi tarix, fizika, kimya və coğrafiya fənləri üzrə yeni təhsil proqramlarına (kurikulum) uyğun qiymətləndirmə tapşırıqları kitabları, həmçinin fənlər üzrə test topluları, qabiliyyət imtahanları ilə bağlı vəsaitlər, lüğətlər, eləcə də “Abituriyent” jurnalının müxtəlif nömrələri daxildir.
Dövlət İmtahan Mərkəzinin məktəbə hədiyyə etdiyi nəşrlər sayəsində şagirdlər həm yeniliklərlə tanış olacaq, həm də bu vəsaitlər imtahanlara hazırlıq prosesində şagirdlərə dəstək olacaq.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi işğaldan azad olunmuş bölgələrdə yerləşən, o cümlədən yeni istifadəyə verilən təhsil müəssisələrində Mərkəzin nəşrlərinin əlçatanlığını təmin etmək məqsədilə öz elmi-metodik vəsaitlərinin məktəblərə təqdim olunması layihəsini davam etdirir.
Qeyd olunan layihə çərçivəsində bu gün digər bölgələrdə də DİM-in nəşrləri təqdim ediləcək.
Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər. Qeyd edək ki, bu vəsaitlər ümumtəhsil məktəbləri üçün qüvvədə olan fənlər üzrə tədris proqramları və dərsliklər əsasında hazırlanmış DİM-in qəbul proqramlarına tam uyğundur.
“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərindən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilə, eləcə də həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər. Test toplularına isə DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş test modelləri daxildir. Bununla yanaşı, tapşırıqların xeyli hissəsi heç bir imtahanda istifadə olunmayan suallardır. Test topluları şagirdlər, abituriyentlər və müəllimlər üçün dəyərli örnəkdir.