SİYASƏT
Xocavəndli məcburi köçkünlər Həmrəyliyi Günü və Yeni il bayramını təntənə ilə qeyd etmişlər
Beyləqan, 31 dekabr (AZƏRTAC). Beyləqan rayonu ərazisində salınmış “Xocavənd” qəsəbəsində məskunlaşmış xocavəndli məcburi köçkünlər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını təntənə ilə qeyd etmişlər.
AZƏRTAC xəbər verir ki, Xocavənd rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə rayon ictimaiyyətinin, ön xətdə xidmət edən əsgər və zabitlərin iştirakı ilə bayram şənliyi keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri əsgər və zabitləri bayram münasibətilə təbrik etmiş, onlara Vətənə xidmətdə uğurlar arzulamışlar. Hərbi hissənin şəxsi heyətinə bayram sovqatı verilmiş, rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri əsgərlər qarşısında bayram konserti ilə çıxış etmişlər.
“Xocavənd” qəsəbəsindəki mədəniyyət evində keçirilən bayram tədbirində çıxış edənlər məcburi köçkünləri əlamətdar günlər münasibətilə təbrik etmiş, növbəti bayramların işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsini arzulamışlar.
Tədbirdə 2013-cü ildə çalışdıqları sahələrdə əldə etdikləri uğurlara və nümunəvi fəaliyyətlərinə görə bir qrup xocavəndliyə fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
İncəsənət ustalarının rəngarəng konsert proqramı, Şaxta baba və Qar qızın çıxışı tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.